Tanrının və tarixin sevdiyi şəxsiyyət

Heydər Əliyev Fondu

Heydər Əliyev Mərkəzi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Cenub mirvarisi

1905.az

Azərbaycan Respublikası məktəbliləri üçün elektron səhifə

Elektron müsabiqə

Sabahın alimləri

Saat

<$

Tariximizin nişanələri
( Etnoqrafiq, arxeoloji tədqiqat materialları əsasında)


“Hər bir xalqın öz qaynaqlarına, öz köklərinə qayıtma,
öz diyarının, öz torpağının, hətta öz kəndinin tarixini
bərpa etmək səyi tamamilə təbiidir. Bununla əlaqədar
hazırda Azərbaycanda azsaylı xalqların mədəniyyət
mərkəzlərinin yaradılması da qanunauyğun haldır. Biz
həmin mərkəzlərin inkişafına kömək etməliyik və edəcəyik”

Heydər Əlirıza oğlu Əliyev.

    Azərbaycanın “cənub qapısı” sayılan Astara rayonu özünün tarixi abidələri ilə zəngindən də zəngindir. Xüsusən də tarixi baxımdən zəif öyrənilən dağlıq bölgəsi. Sahəsi 616 km2, əhalisi 94 min1 nəfər olan rayon ərazisində yerləşən 92 kənd və digər yaşayış məntəqələrinin əksəriyyəti talış dağlarında və onun ətəklərində yerləşir. Tarixi öyrənmək baxımından elm üçün maraqlı hesab edilən belə yaşayış məntəqələrindən biri olan Sım kəndinin ərazisində XX əsrin 60-cı illərində nəhəng bir şəhərin torpaq altında olan xarabalıqları barədə elmi faktlar aşkar edilsə də, Azərbaycanın mövcud reallıqları ilə bağlı müəyyən çətinliklər üzündən bu günə kimi adı çəkilən ərazidə kompleks tədqiqat işi aparılmamışdır.
    Kəndin tarixinə “Astara rayon mazar abidələri tarixindən”2, “Mir Baba Həmzənin şəcərəsi və onun övladları haqqında həqiqətlər”3 adlı məqaləmizdə toxunsaq da, böyük keçmişə malik bir yaşayış məntəqəsinin tarixini tam əhatə etmək bu və ya digər yazılarda heç də tam mümkün deyildir.
    Yuxarıda adı çəkilən əvvəlki məqalələrimizdə bu ərazinin çox saylı ziyarətgahları, məzarlıqları və həmin məzarlıqlarda uyuyan müqəddəs şəxsiyyətlərin həyatını əks etdirən tarixi faktlara geniş yer vermişik. Bu yeni məqaləmizdə isə Sım kəndinə gedən yolun üzərində yerləşən unikal tarixi abidələr barədə məlumat verəcəyik.
Hal-hazırda kənd yolu üzərində, “Tangərü” ( “Sım-Pensər çayı” ) çayı boyunca beş körpü vardır: “Sipyə pard”, “Vıli pard”, Piyəjeni pard”, “Abdulla pard”, “Çüə pard”.
    Bildiyimiz kimi hər bir yol dövrünün iqtisadi və mədəni göstəricisidir. Bu baxımdan körpülər keçmişdə insan məskənlərindən uzaq və yaxud əhalinin gediş-gəlişi məhdud olan hər hansı bir kiçik yaşayış məntəqəsi yolu üzərində salınması həqiqətdən uzaq bir fikirdir. Bu ərazidə dəfələrlə olmuş gənc bir tədqiqatçı kimi deyə bilərəm ki, bir zamanlar şərqlə-qərbi birləşdirən karvan yolunun bir qolu da Lənkəran ovalığının cənubunda, Astara çayının Xəzər dənizinə töküldüyü yerdə, yəni çayın mənsəbindən şimalda haçalanaraq Astara-Sım-Pü-Ərdəbil istiqamətindən keçmişdir.
    Yoxarıda adları çəkilən və çəkilməyən bir çox körpülər də qədim karvan yolu olan , Sım-Ərdəbil yolu üzərində tarixi zərurətdən inşa edilmişdir.
    Bu körpülərdən “Sipyə pard” və “Abdulla pard” çayın nisbətən sakit axan dar yerlərində tikilmişdir. Həmin körpülər çox qədim zamanlardan qiymətli inşaat materialı hesab edilən gəc və yumurta qarışığından hazırlanmış xüsusi məhlulla hörülmüşdür.
“Abdulla pard”ın (“Abdullanın körpüsü”) inşası haqqında “Astara rayon Sım kənd qəbir abidələri" adlı məqaləmizdə məlumat verdiyimiz “Şeyx Abdulla”nın adı ilə bağlıdır və buradan da aydın olur ki, “Abdulla pard”ın inşası tarixi İslam dininin bu ərazilərdə yayılmasından (VII-IX əsrlər) qədimə getmir.
    Astara-Bakı şose yolunun 15 km qərbində yerləşən “Sipyə pard”ın ( “Ağ körpü” ) inşası müxtəlif şahların ( İnuşirəvan , Ənuşirəvan, I Şah Abbas və b. ) adı ilə bağlıdır. Xalq arasında mövcud olan və körpünün inşası tarixini özündə əks etdirən çoxsaylı rəvayətlərin birində deyilir ki , Səfəvilər sülaləsindən olan I Şah Abbas (1587-1629) bir gün ov etməkdən ötrü bu əraziyə təşrif buyurur. İndiki “Piyəjeni pard”ın (“Qoca qarıının körpüsü”) yerləşdiyi ərazidə özünün saray əyanları və qulluqçuları ilə birgə çay dərəsindən keçib getməli olur. Şah doqquz gün sonra geriyə qayıdarkən yenə yolu həmin yerdən düşür. Burada tağlı, yenicə inşası başa çatmış bir körpü görür. Bu hadisəyə təəccüblənir. Axı bir müddət əvvəl burada körpü yox idi. Şahın körpünün kim tərəfindən inşa edilməsini öyrənməyə göndərdiyi adam xəbər gətirir ki, çayın sahilində yaşayan bir qarı satdığı yumurtaların puluna yerli ustalara bu körpünü tikdirib ki, çay dərəsindən keçən insanlar daha əziyyət çəkməsinlər.
    Bunu eşidən şah qəzəblənir, körpüdən keçməyi özünə sığışdırmır və ardınca gələnlərə əmr edir ki, heç kim körpüdən keçməsin. Özü qabağa düşüb çay dərəsindən keçir. Şah sarayına çatan kimi qarının tikdirdiyi körpüdən cənubda yeni və daha möhtəşəm tağlı körpünün inşasına əmr verir. Həmin gündən hökümdarın yolu bu tərəflərə düşəndə o, “Piyəjeni pard”dan yox, özünün əmri ilə inşa edilmiş “Sipyə pard”dan istifadə edərmiş.
    Digər bir rəvayətə görə isə söylənilir ki, Sasani şahı Ənuşirəvan (531-579) bir gün şikarə çıxır. Keçdiyi yolda, Sım çayı üzərində körpü olmur. Ona görə də, qoşun çay dərəsindən keçməli olur. Bir müddət sonra ovdan qayıdarkən çayın üzərində yenicə inşası başa çatmış körpünün tikildiyini görür. Şah qoşun-ləşkərinə durmasını əmr edir. Ənuşirəvan şah vəzirini göndərir ki, körpünün kim tərəfindən tikildiyini yerli əhalidən öyrənsin. Bir azdan geriyə qayıdan vəzir şaha belə bir xəbər çatdırır ki, burada Vıli adlı bir qadın yaşayırmış. O , vəsiyyət edib ki, camaat onun yığıb satdığı yumurtaların puluna bu körpünü inşa etsin. Onun ölümündən sonra yerli ustalar da onun vəsiyyətini yerinə yetirmişlər.
    Bunu eşidən Ənuşirəvan şah bərk qəzəblənir: “Qarı öz gücünü mənə göstərir” deyə, Şah qabaqda, qoşun-ləşkəri də onun ardınca yenidən çay dərəsindən keçib yolunu davam etdirdilər. Ənuşirəvan “Vıli pard”la bərabər cənub hissədə Sım çayı üzərində yeni körpünün inşasına əmr verir. Nə vaxt ki, yolu bu əraziyə düşərsə, çayı adlamaq üçün inşa etdirdiyi “Sipyə pard”dan istifadə edərmiş.
Körpünün inşası ilə bağlı daha inandırıcı olan ikinci rəvayət “Azərbaycan haqqında düşüncələrimiz”4 kitabında da öz əksini tapmışdır.
“Vıli pard” və “Çüə pard” Sım-Pensər çayına tökülən qədim karvan yolunun üstündə olan iki xırda çay-Şümrüd və Əyyərü-Digah çayı üzərində inşa edilmişdir. Baxımsızlıqdan , təbii fəlakətlərdən bir neçə dəfə dağılmış körpü , yenidən əhali tərəfindən bərpa edilmişdir. Hal-hazırda da əhalinin istifadəsində olan “Vıli pard” və “Çüə pard” taxtadan tikilmişdir. Ağac materallarından tikilən bu körpülər yerli əhalinin çayın hər iki sahilində “Kala” adlandırdıqları (ağacdan üç bucaq və dörd bucaq şəklində) xüsusi şəkildə düzülmüş və boşluğuna doldurulmuş çay daşlarından olan özül üzərində uzadılmış tirlərin üst hissəsinə tikilmiş qalın taxtadan ibarətdir.
    Sütunları yumurta ağı və gəcdən ibarət olan “Piyəjeni pard” isə Şümrüd, Əyyərü-Digah çayına nisbətən böyük olan Sım-Pensər çayına tökülən Pəlikəş çayı üzərində inşa edilmişdir.
    Bu gün əhalinin istifadəsində olan “Sipyə pard” Sım-Pensər çayı üzərində Vənəşikəş adlanan yaşayış məntəqəsi ilə Sipyə pard adlanan kənd arasında inşa edilmişdir. Özüllərin sağ və sol tərəflərini birləşdirən tağ XXəsrin ortalarına qədər salamat olmuş və insanların istifadəsində olmuşdur. Körpü son dəfə 1956-cı ilin sentyabr ayında rayon ərazisinə yağan aramsız və güclü yağış nəticəsində çaydakı suyun səviyyəsi bir-neçə metr qalxmış, su çayda axan iri ağacları körpüyə, onun üst hissəsinə çırparaq söküb dağıtmışdır. Həmçinin yol-boyu mövcud olan digər körpülər də dağıntıya məruz qalmışdır.
    1976-cı ildə Astara rayon Partiya Komitəsinin birinci katibi F.Vəlixanovun təşəbbüsü ilə “Sipyə pard”ın əvvəlki yerindən bir-neçə yüz metr aralı, dəmir-beton özül üzərində, müasir şəkildə körpünün tikintisinə başlanılmışdır. Yeni körpü 1982-ci ildə Astara rayon PK-nin birinci katibi Ç.Fərəcov tərəfindən tikilib başa çatdırılmışdır.
    Astara-Sım yolunun qədim karvan yolu olmasını sübuta yetirən daha bir unikal abidə , yaşı əsrlərlə ölçülən “Xonça sığ”dır (“Xonça daşı”).
    Sım kəndinin girəcəyində, sol tərəfdə hal-hazırda mövcud olan bu daşın yerini ətraf yaşayış məntəqələrində tanımayan yoxdur.
    Kəndin keçmiş sakini Mirhəsən Abbas oğlu Fərəcovun5 dediyinə görə, uşaqlıqda anası Şərabanu xanım ilə bu daşın yanından hər dəfə yolu düşəndə, anası ona xatırladarmış ki, çox qədim zamanlarda karvan yolu ilə hərəkət edən tacirlər yorğunluqlarını almaq üçün əl-üzünü çayda yuyub, bu daşın üstündə süfrə açar, qarınlarının altını bərkidib sonra yollarına davam edərmişlər.
Çox maraqlıdır ki, “Xonça sığ” ilə “Abdulla pard” arasında tarixin nişanəsi olan daha bir körpünün olması faktı diqqəti cəlb etməkdədir. Sım çayının sağ sahilində həmin naməlum körpünün qalıqları kənd sakini Bağı kişinin6 dediyinə görə, 1956-cı ilin məlum sentyabr fəlakətindən sonra sel sularının çayın cənub sahilindəki torpaq qatını yuyub aparması nəticəsində təsadüfən ona rast gəlmişdir. Təəssüf ki, həmin ərazidə bu günə kimi heç bir arxeoloji tədqiqat işi aparılmadığından körpünün tarixi haqqında əlimizdə kifayət qədər əlavə məlumat yoxdur.
    Astara-Sım-Pü-Ərdəbil karvan yolu üzərində Vovədə kəndi ilə Pəlikəş yaşayış məntəqəsi arasında diqqəti cəlb edən tarixi abidələrdən biri də “Əliçapandır”. Bu tarixi abidə İslam dinin tanınmış şəxsiyyətlərindən biri olan Həzrəti Əlinin adı ilə bağlıdır.
Rəvayətə görə Həzrəti Əli din düşmənləri ilə döyüşlərin birində Sım-Pensər çayından keçən düşmənləri qovarkən, çayın cənub sahilindən şiml sahilinə sıçrayan atı yıxılmasın deyə, əlindəki ucu-haça qılıncı ilə qarşısındakı nəhəng daş qayaya zərbə endirərək, özünə yol açmış və atını dərəyə yıxılmaqdan qorumuşdur7.
Hal-hazırda həmin yoldan ötənlər abidəni ziyarət edib keçməyi özlərinə borc bilirlər. 1975-1976-cı illərdə Sım kəndinə yeni yol çəkilən zaman, mövcud rəhbərlik tərəfindən yol çəkənlərə xüsusi tapşırıq verilib ki, abidəyə toxunmasınlar.
    Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Astara rayonunda mövcud olan tarixi abidələrin (Etnoqrafiq və arxeoloji) öyrənilməsi Azərbaycan mədəniyyətinə yeni-yeni töhfələr verəcəkdir.
    Hal-hazırda Astara-Sım-Pü-Ərdəbil karvan yolu üzərində yerləşən bu və digər tarixi abidələr ətrafında tədqiqatlar davam etdirilir.


        İstifadə olunan ədəbiyyat və qedlər
1. “Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıya alınması materiallarından , IV cild , səh.40.
2. Lənkəran Dövlət Universiteti tələbələrinin VIII elmi konfransı materiallarından (29-30. V. 2003-cü il)
3. Lənkəran Dövlət Universiteti tələbələrinin IX elmi konfransı materiallarından (5-7. V. 2004-ci il)
4. Məsudi Dövran , Samir Kərimov “Azərbaycan haqqında düşüncələrimiz” kitabı , III məqalə , Bakı-2002 , səh.31.
5. Sım kəndinin keçmiş sakini , 1910-cu il doğumlu , el ağsaqqalı Fərəcov Mirhəsən Abbas oğlu (02.VIII.2001-ci il).
6. Cəfərov Bağı , 1932-ci il doğumlu , təqaüdçü , Sım kənd sakini (28.V. 2004-cü il).
7. Fətullayev Sabir Mirhəsən oğlu , filoloq , Kijəbə qəsəbə sakini , (27. V. 2005-ci il).



Blog müəllifi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Məqalə-1

Məqalə-2

Məqalə-3

Məqalə-4

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Qan yaddaşi

.