Tanrının və tarixin sevdiyi şəxsiyyət

Heydər Əliyev Fondu

Heydər Əliyev Mərkəzi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Cenub mirvarisi

1905.az

Azərbaycan Respublikası məktəbliləri üçün elektron səhifə

Elektron müsabiqə

Sabahın alimləri

Saat

<$

Mir Baba Həmzənin şəcərəsi və onlar haqqında həqiqətlər.
( Etnoqrafiq tədqiqat materialları əsasında)


Bəşəriyyətə çoxdan məlumdur ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Onun əsrarəngiz təbii-coğrafi şəraiti bizim eradan çox-çox əvvəl bu torpaqda qədim insanların məskən salmasına əlverişli imkan yaratmışdır. 350-400 min il əvvələ aid insanların yaşadığı “Azıx mağarası” ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrində çoxlu sayda, o cümlədən, Cənub ərazisində də, yaşı Poleoit dövrünə aid edilən dünya əhəmiyyətli tarixi abidə “Buzeyir mağarası” mövcuddur.
Azərbaycan Respublikasının Astara rayonu da “Buzeyir mağarası”nın yaxınlığında yerləşməsi bizə imkan verir ki, bu ərazini ən qədim insanların yaşadığı ərazilərə aid edək. Belə ki, Astara rayonunun ərazisi də bir çox unikal tarixi abidələri ilə fərqlənir. Lovain, Üti, Sım yaşayış məntəqələrində Tunc dövrünə aid (e.ə.IV min.sonu - II minillik) “Xəzinə yeri”, Alaşa kənd ərazisində Eneolit dövrünə aid (e.ə.VI - IV minilliklər)edilən yaşayış yeri və orada sonradan inşa edilən, yaşı isə indiyə kimi dəqiq məlum olmayan “Alaşa qalası”, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhəd xəttində 1816,4 metr yüksəklikdə yerləşən, tarixin yadigarı olan “Şindoni ğalə” , “Zindan qala” ları və adlarını çəkmədiyimiz yüzlərlə tarixi abidə rayon ərazisində mövcuddur. Bu və digər abidələrin öyrənilməsi Azərbaycan tarixinin zənginləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Əzəmətli “Şindan qalası”nın 7 km şərqində, Astara-Lənkaran şosse yolun 25 km qərbində qədim yaşayış yeri, Sım kəndi yerləşir.
İbtidai icma və quldarlıq dövrü tarixindən xəbər verən şoxlu sayda daş abidələr, kurqanlar, epiqrafik abidələr bu ərazidə hələ də öyrənilməmiş qalmaqdadır.
Sım kəndində dəfələrlə olmağım və tarixçi marağım ərazidəki çoxsaylı qəbristanlıqlarla bağlı rəvayət, inanc və s.məlumatları toplamağa məndə maraq oyatdı “Səqlüstün”, “Pir-Bılınd”, “Şeyx Abdulla” və s. qəbirstanlıq və ziyarətgahlar haqda əldə edə bildiyim məlumatları, “Astara rayon məzar abidələri” adlı elmi məqaləmdə oxuculara təqdim etdim.
Əvvəlki məqaləmin davamı olaraq Sım kəndindəki “Kanə-hi” (“Köhnə əkin yeri”) adlanan qəbristanlıqda uyuyan Şeyx Saleh, onun kiçik qardaşı Şeyx Molla Fərəc Əfəndi və adları çəkilən şeyxlərin sələfləri və xələfləri haqqında yeni məlumatlar bu məqaləmdə işıqlandırılmışdır.
“Kanə-hi” ziyarətgahı XVII əsr və ondan sonrakı dövrlərdə kəndə gələn Səfəvi şeyxlərinin nəsli və Mir Baba Həmzənin övladlarının adı ilə bağlıdır. Tarixin yadigarı olan Sım kəndi şeyxlər dövründə (XVII - XX əsrin ilk illəri) yenidən inkişaf mərhələsinə qədəm qoymuşdur. İslam dinini yayan , təbliğ edən Sım şeyxləri dövrünün tarixi şəxsiyyətlərindən biri olan, “XIII yüz ildə monqolların işğal etdikləri ərazidə (Azərbaycanın Ərdəbil mahalında) kortəbii sufi-dərviş ordenlərinFdən birinin banisi, ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl-Ərdəbillinin (1252-1334)”2 nəsli ilə bağlı meydana gəlmişdir.
Rəvayət olunur ki, Sım şeyxlərinin ulu babası olan Mir Baba Həmzə cavan yaşlarında Ərdəbil mahalının Minavər kəndinə gəlib çıxır. Əslən ərəb olan Mir Baba Həmzə kəndə gələnə kimi 4 dildə (ərəb,kürd,fars və türk dillərində) danışmağı bacarırmış. Minavərdə məskunlaşandan sonra qısa vaxt ərzində yerli xalqın (Talış xalqının ) dilini də öyrənmişdir. O, ilk vaxtlar kənddə heç kimi tanımadığı üçün özünə gündəlik ruzi qazanmaqdan ötrü əvvəl naxırçı olub. Bir gün o, çöldə namaz qılarkən naxıra canavar hücum edir. Namaz üstə olan naxırçı sanki olanları görmürmüş kimi buna heç bir əhəmiyyət vermir. Namazını qılıb qurtardıqdan sonra canavarı qovur. Yerdən qalxmağa cəhd edən yaralı buzova yaxınlaşır. Sonra yaxınlığdakı söyüd ağacının budağından qabırğaya oxşar iki çubuq yonur. Onları yaralanmış buzovun sınmış qabırğalarını yerinə qoyur. Daha sonra barmaqlarını tüpürcəyi ilə isladıb yaraya sürtür. Yara bir göz qırpımında sağalır. Buzov ayağa qalxır və heç nə olmamış kimi otlamağa başlayır. Bütün bunları təsadüfən müşahidə edən bir yerli sakin bu möcüzəyə mat qalır. O, kəndə qayıtdıqdan sonra bütün gördüklərini camaata danışır. Əvvəl ona heç kim inanmır. Naxır kəndə döndükdən sonra Minavər əhli toplaşıb haqqında bəhs olunan bozuvu kəsir. Mir Baba Həmzənin söyüd ağacından yonduğu iki ağac qabırğanı oradan çıxarırlar. Bundan sonra camaat Mir Baba Həmzənin kəramətinə inanır.
Minavərdə baş vermiş bu hadisə tezliklə bütün Ərdəbil mahalına yayılır. Belə bir möcüzəni eşidən Şeyx Səfiəddin İshaq-əl-Musəvi-əl-Ərdəbilli Mir Baba Həmzəni yanına çağırtdırır. Söhbət əsnasında onun böyük kəramət sahibi, peyğəmbər övladı olduğunu başa düşür. Ona görə də qızı Əcəbnoz xanımı Mir Baba Həmzəyə ərə verir. Mir Baba Həmzənin övladları o dövrdən şeyx titulunu qazanır və bəhs etdiyimz Sım şeyxləri bu nəsildəndir (Bax şəcərə-I).
Bu tarixi faktları daha da dəqiqləşdirmək üçün 2003-cü ilin iyun ayının 2-dən 5- nə qədər) İran İslam Respublikasında Ərdəbilin müxtəlif yaşayış məntəqələrində,o cümlədən,Minavər kəndində araşdırmalar aparıb müyyəyən etdim ki, Mir Baba Həmzə XIV-XV əsrin qovşağında vəfat etmiş və yaşadığı Minavər kənd qəbristanlığında dəfn olunmuşdur. Bu böyük kəramət sahibi dünyasını dəyişdikdən sonra da onun qəbri insanların inanc və ziyarət etdikləri bir ocaqdır.
Mir Baba Həmzənin kəraməti haqda əlimizdə olan digər bir məlumat ondan ibarətdir ki, XX əsrin əvvəllərində (hicri -şəmsi tarixi ilə XIII əsrin sonlarında) İranda qaçaqçılığın tüğyan etdiyi bir zaman,İslam təriqətləri arasında ədavətin qızişdığı bir vaxt oğurluq hər yeri bürümüşdü. Xüsusən, o dövrdə cəldliyi və qorxmazlığı ilə ad qazanmiş Farsabad oğruları (Şahsevənlər) yaxın və uzaq kəndlərə tez-tez basqınlar edib, əllərinə keçəni (mali-mülkü) özləri ilə aparırmışlar. Şahsevərlərin ətrafda talan edə bilmədiyi yeganə kənd Minavər olub. Kənd möcüzə nəticəsində talanlardan xilas olub.Şahsevənlərin dediyinə görə onlar hər dəfə Nəminə qədər gəlir (Minavərlə qonşu yaşayış məntəqəsi), ondan sonra daha irəliləyə bilmirlərmiş. Elə ki, Mir Baba Həmzənin məzarı qoyulmuş yüksəklik uzaqdan görsənərmiş, sanki onların qarşısını qeyibdən peyda olan, gözəgörünməz bir hasar kəsərmiş. Onlar da geri qayıdarmışlar6.
Hər dəfə Farsabad quldurları Minavər kəndini talan etmək məqsədi ilə bu əraziyə yaxınlaşanda Mir Baba Həmzənin kəraməti onların bəd əməllərinin həyata keçməsinə imkan verməzmiş.
Mir Baba Həmzənin məzarı üzərində ucaldılan məqbərə (şəkil-1) kənd camaatı tərəfində 1999-cu ildə (hicri şəmsi tarixi ilə 1378-ci ildə)yenidən inşa edilmişdir. Uzunluğu 11 metr, eni 8 metr, hündürlüyü təxminən 3 metr olan bu yeni tikilinin içərisi Mir Baba Həmzənin məzarı ətrafında olan daha 12 qəbir abidəsinin üstünü örtmüşdür.
.
Minavər kəndində olarkən müşahidə etdim ki,ocağı ziyarət etməyə daha çox səhərlər,sübh tezdən gəlirlər.Bu hadisə ilə bağlı maraqlanıb öyrəndim ki,sübh çağı məqbərəni ziyarət edənlər uzaq səfərə gedən insanlardır. Əgər kimsə səfərin uğurlu olması üçün məqbərəyə niyyət tutub gedərsə, Allah rizasına burada nəzir qoyarsa, işi avand olar. Onu da öyrəndim ki, təkcə kənd camaatı yox, həm də yaxın və uzaq yaşayış məntəqələrindən övladı olmayan gəlinlərin anaları nəvə sahibi olmaqdan ötrü yandırılmamış, təzə çıraq alıb, niyyət tutub onu ocaqda yandırarsa və bu çıraq yanacağı qurtaranadək sönməzsə, deməli, niyyəti baş tutacaq. Elə bu səbəbdəndir ki, məqbərədən bir çox gecələr lampa işığı ətrafa yayılır.
Mir Baba Həmzənin kəraməti haqqında əhali arasında yaşayan rəvayətlərdən biri də ona qarşı nankorluq edən adamların aqibəti barədədir. Belə ki, onun bir zamanlar dəstnamaz aldığı bulaq hal-hazırda “Dızdə-dül” adlanan dərənin şərqində yerləşir. Burada olarkən öyrəndim ki, bulağın suyu həm də yerli sakinləri su tələbatını ödəyir.
Yerli sakinlərin dediyinə görə bir zamanlar bu dərədə böyük yaşayış məntəqəsi, çoxlu evlər mövcud olmuşdur. Lakin bu insanlar Allahın onlara verdiyi ruzi ilə qane olmamışlar. Onlar Mir Baba Həmzənin məqbərəsi və onun ətrafıda olan qəbrlərdə varlanmaq məqsədi ilə “qazıntı” apararaq məqbərədən Mir Baba Həmzəyə məxsus çoxlu sayda antik əşyalar və əlyazmalar götürmüşlər. Bu hadisədən sonra Allahın o insanlara qəzəbi tutub. “Dızdə-dül” də o vaxdan əhalinin artımı dayanıb, evlərin sayı 3-4-ə enib. Ailə üzvlərinin sayı da müxtəlif səbəbdən artmır. Ailədə uşaqlar və cavanlar erkən yaşlarında dünyasını dəyişir. Mir Baba Həmzənin ailə üzvləri barədə geniş məlumatı əldə edə bilmədim. Lakin öyrəndim ki, onun övladından biri Şeyx Mir Ələm atasından daha tez dünyasını dəyişib. Onun məzarı Minavər kənd qəbristanlığının yerləşdiyi dağın lap yuxarısındadır.
Deyilənlərə görə Şeyx Mir Ələm kəramət sahibi olmaqla yanaşı, həm də çox qəzəbli olmuşdur. Sakitliyi xoşlayan Şeyx vəfat etdikdən sonra da camaat onun məzarının yanından sakitcə ötərmişlər. Belə ki, məzarın yaxınlığından (Nəmin–Minavər-Sım və yaxud Nəmin-Minavər-Pü kənd yolu ilə hərəkət edərkən) at üstündə heç kəs keçmir. Hörmət əlaməti olaraq piyada keçməyənlərin başına qəza gələrmiş.Hətta, kənddəki şadlıq məclislərini səssiz- küysüz keçirməyə çalışardılar ki, sakitliyi pozmasınlar.
Mir Baba Həmzə vəfat etdikdən sonra onun məzarını dağın yamacında, Şeyx Mir Ələmin önündə ona görə qoymuşlar ki, ata övladının qəzəbinin qarşısını alsın, camaata sədəmə toxunmasın.
Şeyx Mir Ələmin məzarı üzərində 1980-ci ildə (hicri şəmsi tarixi ilə 1359-cu ildə ) ikigünbəzli müasir formada bir məqbərə ucaldılıb.
Məqbərənin qərb tərəfidə, 140-150 metr aralıda “Şeyx Mir Ələm bulağı” yerləşir. Şeyx sağlığında bu bulaqda dəst-namaz alarmış.
Bədənində zigil və müxtəlif yara olan şəxs saf ürəklə gəlib bulağın suyundan və palçığından yaraya sürtərsə, Allahın köməkliyi ilə həmin yara sağalır.7
Digər bir inanca görə isə Şeyx Mir Ələmin bir zamanlar dəst-namaz aldığı bulağın başına sonradan əqlini itirmiş adam gətirilirsə, bulaq suyu ilə həmin şəxs paklanarsa və bulağın başında azacıq da olsa yuxulaya bilsə, deməli, Allahın izni ilə şəfa tapar.8
1980-ci ildə Şeyxin məqbərəsi ilə yanaşı eyni zamanda xeyirxah adamlar tərəfindən bulağın ətrafı buraya yolu düşənlərin rahatlığı naminə və Şeyxə ehtiram əlaməti olaraq müasir formada inşa edilmişdir. Bulağın yaxınlığında bir alça ağacı var ki, sonradan xəstəliklərə düçar olan insanlar Şeyx Mir Ələmin kəramətinə sığınıb, dərd-bəladan xilas olmaq üçün geydikləri paltarın tikələrindən ağaca bağlayırlar. Bu qəbildən olan xəstələr niyyətləri hasil olduqdan sonra Allaha və kəramət sahibi olan Şeyxə hədsiz məhəbbətini və sədaqətini qurban kəsib, yoxsullara paylamaqla bildirirlər.
Şeyxin qəzəb nişanəsi olan ayaq izləri isə Minavər kəndinin 20-25 dəqiqəlik məsafəsində (piyadə) yastı bir qaya parçası üzərində indiyədək qalmaqdadır. Qəzəbli Şeyxin hirslə ayağını çirpdığı qaya parçasının yerini ətraf kəndlərdə tanımayan yoxdur.
Mir Baba Həmzənin böyük kəramətə sahib olan övladlarından diğər birisi Şeyx Mir Abbasdır.
Şeyx Mir Abbasın məzarı Mir Baba Həmzə və Şeyx Mir Ələmdən fərqli olaraq Şimali Azərbaycanda, Astara rayonun Pəlikəş inzibati ərazisinə daxil olan, hal-hazırda heç kəsin yaşamadığı “Pü” kəndinin ərazisində yerləşən Şeyx Nəsrulla ziyarətgahındadır. Minlərlə qəbri, bir hektardan çox ərazisi, tamamilə müxtəlif növ qocaman ağaclarla örtülmüş bu ziyarətgahın iki əsas övliyası yuxarıda adları çəkilən şeyxlərdir. Qəbristanlığın girəcəyində hər iki övliyanın qəbri üzərində məqbərə ucaldılıb.
Şeyx Mir Abbas həm də Şeyx Nəsrullanın əmisidir9.
Sonsuz olan Şeyx Nəsrulla haqda öyrənə bildiklərimdən belə məlum oldu ki, o, özündən əvvəlki şeyxlərdən kəramətdə heç də geri qalmırmış.
Şeyxlə bağlı xalq arasında yayılmış rəvayətlərin birində deyilir ki, keçmişdə böyük nüfuz sahibi olan Abid adlı bir imkanlı şəxs ömrünün sonlarında Həcc ziyarətinə getməyi qərara alır. Ziyarətə getməmişdən əvvəl İslam qanunlarına uyğun hamı ilə halallaşır, uğurlu bir gündə Həcc ziyarətinə yola düşür.
Gün o gün olur ki, Həcc mərasimi başa çatır. Gecəni Kəbə ətrafında digər zəvvarlar kimi keçirdən Abid yuxuda görür ki, ağsaqqal, uzun əbalı, nurani bir kişi ziyarətçilərə bir-bir deyir:
“Sənin ziyarətin qəbul olundu”, “sənin ziyarətin qəbul olundu”. Elə ki, gəlib ona çatdı – “sənin ziyarətin qəbul olunmadı” dedi və keçib yoluna davam etdi.
Abid yuxudan ayılır. Səhər vətənə qayıtmaq fikrindən daşınır. Düz bir il Ərəbistanda (Məkkə şəhərində) qalıb gələn Həcc mövsümünü gözləyir. Onun yuxusu isə yenidən əvvəlki tək təkrar olunur. Aradan illər keçir Abidin yeddinci Həcc ziyarətində yuxusuna girən nurani kişi onun Hacı olduğunu nəhayət ki, ona söyləyir. Abid bu illər ərzində daha da qocaldığından çox uzaqlarda olan məmləkətinə getməyə nə taqəti, nə də pulu qalmışdır. O, hamının tanıdığı, hörmətlə yanaşdığı bir üləmanın yanına məsləhətə getməyi qərara alır. Başına gələn əhvalatı əvvəldən-axıra ona danışır. Onun Abidə rəhmi gəlir. Ona məsləhət görür ki, səhər sübh namazı vaxtından əvvəl Kəbənin qapısı ağzına gəlib gözləsin. Yaşıl əbalı, alçaq boylu, belində “tvolə ğəyş” (“cökə ağacının qabığından kəmər”) nişanələri olan bir şəxs hər gün beş vədə namazını qılmaq üçün sizin məmləkətdən buraya gəlir. Çalış namaz vaxtı onu gözdən qaçırmayasan. Mənə söylədiklərini ona da danışarsan və xahiş edərsən ki, sənə kömək etsin. Abid deyilən vaxtda yaşıl əbalı şəxsin gəlişini görəndə çox sevinir. Dünən üləmanın dediyi bütün nişanələrini özündə daşıyan həmvətəninə yaxınlaşıb başına gələn əhvalatı ona danışır. Sonda ondan xahiş edir ki, onu da özü ilə məmləkətinə aparsın. Həmən şəxs əvvəl Abidə evinə dönmək üçün yol pulu təklif edir. Abid isə dönə-dönə ondan xahiş edir ki, ona rəhm edib özü ilə məmləkətinə aparsın. Nəhayət , yaşıl əbalı şəxs razılıq verir. Namazdan sonra Abid yaşıl əbalı şəxsin nişan verdiyi yerdə onunla görüşür. Həmin şəxs Abidə deyir ki, ayaqlarını ayaqlarımın üzərinə qoy, belimi möhkəm qocaqla və gözlərini yum. Mən aç deməyincə gözlərini açmayasan. Abid bütün deyilənlərə əməl edir. Bir azdan onun qulaqlarına səs gəlir – aç gözlərini.
Abid gözlərini açır. Bura Həcc ziyarətinə getməzdən əvvəl hər cümə günü ziyarət etməyə və “Yasin” oxumağa gəldiyi “Səyd Cəmul” (“Seyid Camal”) türbəsi idi. Həmin şəxs ondan soruşur:
- Buranı tanıyırsan?
- Bəli.
- Evinə gedə bilərsən?
- Bəli.
- Bax gör o gələnlər kimdir?
Abid arxaya baxdı, uzaqdan bir dəstə adam gəlirdi. Sonra yol-yoldaşına tərəf döndü. Ancaq ona əvəzsiz yaxşılıq etmiş həmin şəxs yox idi. Dörd tərəfinə boylandı, amma yaşıl əbalı şəxs qeyb olmuşdu.
Abid vətəninə sağ-salamat gəldiyi üçün Allaha min dəfə şükür etdi. Daha sonra əzizləri ilə görüşmək üçün doğma evinə tələsdi.
Aradan aylar ötür. Həqiqətdə baş vermiş, lakin qeyri-adi görsənən bu hadisə hər tərəfə yayılır. Sonra məlum olur ki, bütün bu nişanələrə malik olan şəxs böyük kəramət sahibi Şeyx Nəsrulladır.
Şeyxin bu qeyri-adi kəramətini təsdiqləyən ikinci bir rəvayətdə deyilir ki, bir dəfə atası Şeyx Nəsrullanı yanına səsləyir, lakin səs verən olmur. İkinci dəfə səsləyir, yenə də səs-səmir gəlmir. Ata oğlunu üçüncü dəfə səsləmək istəyərkən Şeyx Nəsrulla özünü qapıdan içəri salır. Heç vaxt atası oğlunu iki dəfə çağırmazdı. Atasının bircə səsinə hay verərmiş. Ona görə də ata oğlu ilə maraqlanır ki, nə üçün gecikdin.
Şeyx Nəsrulla atasından üzür istəyib deyir:
-Ata, məni birinci dəfə səsləyəndə “Kəbə” də artıq namazımı qılıb qurtarmışdım. İkinci səsinizdə yarı yolda idim.10
Şeyxlə bağlı üçüncü rəvayətdə deyilir ki, Şeyx Nəsrulla dostları ilə bulaq başında söhbət edirmiş. Onlar: “Öz kəramətini bizə göstər” deyə, ona sataşırlar. Şeyx təsbehini suya atır. Şirhaşırla axan su təsbehi aparır. Şeyx, “Gedək təsbehimi evimin yanında olan bulaqdan götürəcəyəm” deyib, onlarla bir yerdə gəlib təsbehi axar bulağın başında götürür”.11
Digər rəvayətə görə bir gün Nəmindən Şeyx Nəsrullanın qonağı gəlir. Şeyx sözarası qonağa deyir:
-Bu gün sizə elə bir yemək verərəm ki, heç yeməmiş olasız.
Süfrəyə yemək gətirilir. Qonaq görür ki, bu həmişə yediyi südlüaşdır. Ona görə də deyir:
-Şeyx, bəs deyirdin ki, heç yemədiyiniz yemək verəcəyəm? Bu ki, südlüaşdır.
Şeyx deyir:
-Doğrudan da siz beləsini ömründə yeməmisiniz.
Sonra pəncərəsinin pərdəsini çəkib, evin tinində “Küjqo” (“Maral”) sağan arvadını qonağa göstərir.
Qonaq başa düşür ki, Şeyx verdiyi vədə əməl edib.12
İstər Cənubi Azərbaycanda (Ərdəbil ostanlığında), istərsə də Şimali Azərbaycanda (Astara rayonunda) Şeyx Nəsrullanın nə atasının adını, nə də onun haqqında yuxarıda verilən rəvayətlərdən savayı heç bir məlumat əldə edə bimədim.
Mir Baba Həmzənin övladlarından Şeyx Müstəfir, Şeyx Exsan, şeyx Molla Babanın adlarını tədqiqat apardığım ərazidə tanıyanlar çoxdur. Lakin adlarını çəkdiyim bu üç Şeyxin həyatı barədə heç kimdəm əlavə bir məlumat öyrənə bilmədim.
Səbəb budur ki, XX əsrin əvvəllərində (1920 - 1938-ci illər) onlardan bəhs edən şəcərələr dövlət məmurları (“NKVD”) tərəfindən aparılmışdır.13
Bununla belə Məmmədova Xanımnisanın14 verdiyi məlumatdan belə aydın oldu ki, yuxarıda adı çəkilən Şeyx Molla Babanın eyni adlı nəvəsi Şeyx Molla Babanın məzarı Astara rayonun Kijəbə qəsəbəsinin Burzubənd kəndi ərazisində yerləşən “Şeyx Sultan Məhəmməd Zalani” (“Zoləzo”)15 qəbristanlığındadır.
Adı çəkilən sonuncu Şeyxin oğlu Şeyx Molla Kamal Əfəndinin məzarı isə qonşu Səlivə kənd qəbristanlığındadır.
Şeyx Molla Kamal Əfəndi adından göründüyü kimi Şeyxlər nəslinin dərin təhsil görmüş nümayəndələrindəndir. O, çoxillik təhsilini Kürdüstanda (İraqda) almışdır. Eyni zamanda Şeyx İlahi vergisinə, qeybdən bilmə kəramətinə malik olmuşdur.
Bu nəslin nümayəndəsi olan Şeyx Abbasın (Bax şəcərə-1) həyatı əsasən Astara rayonunun Sım kəndində keçib. Hələ Şeyx Mir Abbasın dövründə Pəlikəş inzibati ərazisi, xüsusən “Pü” kəndi və onun ətrafı uzun illər Şeyxlərin yaylağı olması ətraf ərazilərdə heç kimə sirr deyildir. Onların Sım kəndində daimi məskunlaşması isə Şeyx Abbasın və onun övladlarının adı ilə bağlıdır. Digər nəslin nümayəndələrindən fərqli olaraq Şeyx Abbasın adı əhalinin iqtisadiyyatı ilə bağlı daha çox səslənir. Sımın mərkəzində Şeyx Abbas əhalinin tələbatını nəzərə alaraq əvvəl bir su dəyirmanı tikdirib. Bu dəyirmanda dörd oğlu növbə ilə şərik işləyib. Sonra kəndin müxtəlif yerlərində hər oğlu üçün bir su dəyirmanı inşa etdirib. Sımda isə, ümumiyyətlə, yeddi belə su dəyirmanının fəaliyyət göstərməsi ətraf əhaliyə məlumdur. Son dövrlərədək həmin dəyirmanlardan ikisi, hal-hazırda isə biri əhalinin istifadəsindədir. Əvvəlki dövrlərdə fəaliyyət göstərən su dəyirmanlarından ikisinin yeri indi belə adlanır: “penə üsyo həmo” (“Yuxarı dəyirman hamarlığı”) və “Jinə üsyo həmo” (“Aşağı dəyirman hamarlığı”). Bu gün fəaliyyət göstərən su dəyirmanı “Jinə üsyo həmo”nun 50 metrliyindədir.
Şeyx Abbasın XVIII əsrin sonunda inşa etdirdiyi su dəyirmanının qalıqları (daş çarxlar) hələ də kənd ərazisinin müxtəlif yerlərində açıq səma altında qalmaqdadır.
Sım kənd sakini Abbasov İskəndərin16 verdiyi məlumata görə bir gün (XIX əsrin II yarısı) “Şindoni ğalə”nin ətəyindəki otlaqda ot biçən yeddi-səkkiz Sım sakini onlarla bir yerdə işləyən Şeyx Molla Fərəc Əfəndi qardaşı Şeyx Salehin kəramətindən həmkəndlilərini agah etmək üçün qardaşına üz tutub çiçəklərin üstündə uçuşan arılardan birini göstərib soruşur:
-Şeyx, deyə bilərsən bu bizim hansı pətəyin arısıdır?
Şeyx deyir:
-Allahın köməkliyi ilə deyə bilərəm.
Sonra göstərilən arının ayaqlarına nazik bir sap bağlayıb, onun hansı arı pətəyindən olduğunu söyləyib arını buraxır.
Həqiqətən da otlaqdan qayıdan biçinçilər Şeyx Salehin nişan verdiyi arı pətəyinin yanına gələndə, ayağına sap bağlanmış arını pətəyin qabağında uçuşan görürlər.
Şeyx Abbasın kiçik oğlu Şeyx Molla Fərəc Əfəndi də dövrünün təhsil almış şeyxlərindən biri olub. O, Ərdəbildə (İran İslam Respublikasında) ilk təhsilini almışdır.
Şeyx Molla Fərəcin 90 yaşlı nəvəsi Şeyx Molla Mirhəsən (Bax şəcərə-I) söylədiklərindən belə məlum oldu ki, 4-5 yaşlarında olarkən babası onu dizi üstə oturdub, başına əl sürtüb əzizləyər, oxuduğu “Fatihə”, “İxlas” və sair Quran sürələrini əzbərləyib, təkrarlamağı tapşıraramış.
Şeyx Molla Mirhəsən babası haqqında el içində geniş yayılan, anası Şərabanu xanımdan dəfələrlə eşitdiyi bir hadisəni xatırlayaraq deyir:
-Bir dəfə Ərdəbildə qonaq olarkən, gənc Şeyx namaz qıldıqdan sonra ev sahibindən icazə alıb, qurani Kərimin mübarək surələrindən birini Allah yolunda oxumağa başlayır. Oxuyub qurtardıqdan sonra əlindəki “Müqəddəs kitab”ı hələ yerinə qoymamış eşidir ki, ev sahibəsi nadinclik edən bir uşağına acıqlanıb deyir:
-Oğlum, dinc otur. Qonağımız “Yasin”in qol-qıçını necə sındırdısa, mən də sənin qol-qıçını eləcə sındıraram.
Bu deyilənləri eşidən cavan Şeyx ev sahibəsinin eyhamından başa düşür ki, “Yasin”i yaxşı oxumayıb. O, heç bir söz demədən bir gün sonra Sıma qayıdır. Bir müddət sonra isə evdəkilərlə xudafizləşib “Kürdüstan”a təhsil almağa gedir. Şeyx Molla Fərəc 25 il dini və dünyavi təhsil aldıqdan sonra, Əfəndi dini rütbəsi ilə doğma kəndinə dönür.
Digər bir rəvayətə görə isə ilk təhsilini Ərdəbildə alan gənc Şeyx “Kürdüstan”a gedir ki, imtahan verib, tam dini biliyə sahib olmaq barədə ruhani məktəbindən bir sənəd alsın. İraqda qonaq olduğu evdə namaz qılıb, sonra ev sahibəsindən “Yasin”i17 oxumağa icazə alır. Oxuyub qurtarandan sonra eşidir ki, ev sahibəsi nadinclik edən oğluna deyir:
-Oğlum dinc otur.Əgər dinc qalmasan qonağımız “Yasin”in qol-qıçını necə bağladısa, mən də sənin qol-qıçını eləcə bağlayaram.
Gənc şeyx ev sahibəsinin eyhamlarından başa düşür ki, onun hələ öyrənməli olduğu çox şey var. Daha nə səbəbdən gəldiyinin üstünü açmır.
Məktəbə də gedərkən imtahan verməyə yox, elm öyrənmək üçün gəlməsini deyib, düz 25 ildən sonra tam təhsilini başa vurub vətəninə dönür.
Doğma kəndinə qayıtdıqdan sonra, evlərinin yaxınlığında, “Şeyx Abdulla” türbəsinin bir-neçə metrliyində məscid tikdirir (sonradan bərpa olunan məscid indi əhalinin istifadəsindədir) və ətraf kəndlərdən yanına gələn yüzlərlə şagirdinə din və şəriət haqqında biliklər öyrədir. Firdovsinin “Şahnamə”, Sədinin “Gülüstan” və “Bostan”, Nizami Gəncəvinin və Məhəmməd Füzulinin divanlarından dərs demişdir.
Pəlikəşdən Molla Nafe Əfəndi, Təngərüd kəndindən Mir Yəhya, Piyəkənərüd kəndindən Molla Əmir, Gilgün18 kəndindən Şeyx Molla Osman Şeyx Fətulla oğlu və s. öz dövrünün dini biliciləri Şeyx Molla Fərəc Əfəndinin məktəbində təhsil almışlar.
Şeyx Molla Fərəc Əfəndi 107 yaşında (1915-ci ildə), həyat yoldaşı Şinənoz xanım isə XX əsrin ilk illərində Sım kəndində dünyasını dəyişmişlər.
Sım kəndində olan “Kanə-hi” ziyarətgahında Şeyx Saleh, Şeyx Molla Fərəc Əfəndi ilə yanaşı daha iki qardaşı Şeyx Məmmədlə, Şeyx Sovqat uyuyur. Şeyx Molla Fərəcin iki nəvəsi, Şeyx Məmmədağa və Şeyx Molla Əzizağanın da məzarı bu qəbristanlıqdadır. Digər iki nəvəsi, Şeyx Hafis ikinci dünya müharibəsində həlak olmuş. Şeyx Molla Mirhəsən isə 2003-cü ildə 22 yanvarda dünyasını dəyişmişdir. Şeyx Molla Mirhəsən yarım əsrdən artıq yaşadığı Kijəbə qəsəbəsindəki Sultan Şeyx Məhəmməd Zalani ziyarətgahında dəfn olunmuşdur.
Şeyx Molla Fərəc Əfəndinin dörd oğlu Şeyx İsa, Şeyx Musa, Hacı Şeyx Əhməd və Şeyx Molla Abbas Səlivə kənd qəbristanlığında dəfn olunmuşlar.
Hacı Şeyx Əhməd XX əsrin ilk illərində, Şeyx Molla Abbas isə 1925-ci ildə dünyasını dəyişmişdir.
Şeyx İsa və Şeyx Musa represya qurbanları olmuş, yaşadıqları Səlivə kəndinin şərqindəki düzənlikdə, onlarla yanaşı daha 38 nəfər dövrünün nüfuzlu axund, şeyx və mollaları XX əsrin 30-cu illərin sonunda sapı özümüzdən olan “balta”ların xəyanəti nəticəsində “NKVD” tərəfindən gülləbaran edilmişdir.
Səlivə kənd qəbristanlığında uyuyan müqəddəslərin çoxluğuna baxmayaraq ziyarətgahın əsas piri Hacı Şeyx Əhmədin məzarı hesab olunur. Onun məzarı yanında bir şümşad ağacı da bitmişdir ki, ağac yarım əsrdən çox burada kök salmasına baxmayaraq çoxalmır və böyümür.
“Zoləzo” qəbristanlığında uyuyan Şeyx Şəmsi də Mir Baba Həmzənin böyük kəramət sahibi övladlarından biridir.
135 il ömür sürmüş, beş övlad sahibi Şeyx Şəmsinin həm də yuxarıda adları çəkilən şeyxlərin “əmisi oğlu” olduğunu öyrəndim.
Fətullayev Sabirin atası Şeyx Molla Mirhəsəndən eşitdikləri bu yaxınlığı bir daha təsdiq edir. O, 1969-cu ildə olmuş bir əhvalatı belə xatırlayır: Ramazan bayramı idi. Ailəmizlə birlikdə “Zoləzo” türbəsinə ziyarətə getmişdik. Yuxarı qəbristanlıqda təpənin üstündəki qəbri ziyarət etdikdən sonra atam bizi məzarın ətrafına toplayıb dedi:
-Bu məzar böyük kəramət sahibi olan “əmioğlu”muz Şeyx Şəmsinindir. Atam Şeyx Molla Abbas ömrünün son çağında vəsiyyət edib dedi ki, nə vaxt övladlarım hökumət işində çətinə düşərsə, gəlsin Səlivəyə məzarımın başına. Qəbrimin sol tərəfində dayanıb dərdini, arzusunu desin. Mən sizi eşidərəm. Əgər sizə qarşı haqsızlıq edilibsə, cəddim köməyiniz olar, qələbə qazanarsınız. Birdən Səlivəyə gəlmək sizin üçün çətin olsa onda “Zoləzo” da bizim “əmioğlu”muz Şeyx Şəmsinin məzarı başına gedin. Mənə danaşacaqlarınızı ona deyərsiniz. O, mənə çatdırar. Amma məzar başında ağlamayasınız. Yoxsa göz yaşlarınız sizin üzünüzü görməyə imkan verməz.
Burzubənd kənd sakini Hidayətov Yədullanın19 verdiyi məlumata görə Şeyx Şəmsinin dörd əmisi və özündən yaşca balaca olan Şeyx Lətif adlı qardaşı olub. Atası Şeyx Məhyəddin əvvəllər Astara rayonun Ovələ kəndində yaşamış, sonra qardaşları ilə birğə qonşu Burzubənd kəndinə köç etmişlər.
250-300 il əvvəl bu ərazidə yaşayan tayfa ağsaqqalı Şeyx Şəmsi vəfat etdikdən sonra qəbristanlığın yuxarı başında, təpənin üzərində qoyulan məzarı ziyarətgah kimi əhalinin inanc yerinə çevrilmişdir. Qotur və qarayara xəstəliklərinə mübtəla olan şəxs Şeyxin məzarı başında Allahdan imdad diləsə tezliklə şəfa tapar.20
Ən çox məzar başına gələnlər körpəsi yeni dünyaya gəlmiş analardır. Hələ uşaqikən övladlarını ziyarətə gətirirlər ki, bir çox xəstəliklərdən Allahın izni ilə ömür boyu hifz olunsun.
1993-cü il 16 may tarixində Şeyxin nəslindən olanların köməyi ilə məzarın üzərində məqbərə ucaldılıb. Məqbərə Şeyxin qəbri ilə yanaşı daha üç naməlum qəbrin də üstünü örtmüşdür.
Şeyx Şəmsi haqqında şifahi xalq rəvayətlərin birində deyilir ki, onun tayfa başçısı olduğu bir zaman Ərəbistandan gəlmiş Hacı Canbaba adlı mömün bir dostu olur. Onlar kəramətdə bir-birindən heç də geri qalmazmışlar. Hər ikisi Allahın onlara bəxş etdiyi kəramət nəticəsində dünyanın bir çox elmlərinə və qeybdən bilmə qabiliyyətinə malik olublar. Bu kəramət sahibləri haqda Allah bəndəsinin söylədiyi hər bir söz-söhbətdən onlar agah olarmış. Bütün bunlarla yanaşı Şeyx Şəmsi həm də Allahın ona bəxş etdiyi kəramət nəticəsində hər gün sübh namazını Kəbədə qılarmış. O, bununla həmişə öyünərmiş. Belə anlarda dostu Hacı Canbabanın ona doğru olaraq söylədiyi məsləhətlərini belə eşitməzmiş.
Heç nə Allahdan gizli qalmadığı kimi, Şeyxin bu əməli də Tanrıya sirr deyildi. Günlərin bir günü Şeyx Şəmsi Allah-Təala tərəfindən bu hərəkətinə görə cəzalanır. Onun hər gün Kəbəyə getmək hikməti əlindən alınır. Hacı Canbabaya verilir. Böyük bir kəramətdən məhrum olan Şeyx Şəmsi öz əməlindən ona xətər toxunduğunu başa düşür. Dərd-qəm çəkməyə başlayır. Ağlamaqdan gözləri tutulur. Hacı Canbaba dostunun bu iztirablarına dözməyib köç edib uzaqlara, Arana doğru gedir.
Mir Baba Həmzə nəslinin böyük kəramətə sahib digər bir övladı Şeyx Əbdülbağır Əfəndidir.
Əlihəsən Həmzəyev21 tərəfindən yaradılmış, babası Şeyx Əbdülbağır Əfəndinin Miki kəndində fəaliyyət göstərən ev muzeyində olarkən onu da öyrəndim ki, Şeyxə məxsus kitab və əlyazmalar təkcə burada yox, həm də Respublika Əlyazmalar Fondunda saxlanılır.
Astara rayonun Miki kəndində anadan olmuş, İraqda çoxillik dini və dünyavi təhsil almış, riyaziyyat, münəccimlik, ilahiyyat, tarix və s. elmlərə dərindən bələd olan Şeyx Əbdülbağır Əfəndi 85 yaşında (1851-1936-cı ilin I yarısında) doğulduğu kənddə də vəfat etmişdir.22
Şeyxin vəsiyyətinə görə məzarı Miki kənd qəbristanlığında (“Baba Məmməd qəbristanlığında”) qoyulmuş və tezliklə ətraf əhalinin ziyarətgahına çevrilmişdir.

İstifadə olunan ədəbiyyat, qeyd və izahlar:
1. Lənkəran Dövlət Universiteti tələbələrinin VIII elmi konfransı materiallarından (29-30.04.2003-cü il).
2. Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək), I cild, Ali məktəblər üçün dərslik, Bakı – 1994, 392 səh.
3. Şifahi xalq rəvayəti.
4. Kijəbə qəsəbə sakini Fətullayev Sabir Mirhəsən oğlu, 1950-ci il doğumlu, filoloq (28.09.2003-cü il).
5. “Şeyx” – islamda mömünliyi ilə ad qazanmış şəxslərə ehtiram əlaməti olaraq verilən ad.
6. İran İslam Respublikasının Ərdəbil ostanlığının 120 yaşlı Minavər kənd sakini Rəğimə Şafehi Molla Əhməd qızı (04.06.2003-cü il).
7. İran İslam Respublikasının Ərdəbil ostanlığının Minavər kənd sakini Əfğan Minai Ağabala oğlu, 1938-ci il (İran İslam Respublikasının təqvimi ilə 1316-cı il) doğumlu (04.06.2003-cü il).
8. İran İslam Respublikasının Ərdəbil ostanlığının Minavər kənd sakini Bəhruz Minai Əfğan oğlu, bənna, 1968-ci il (İran İslam Respublikasının təqvimi ilə 1346-cı il) doğumlu (04.06.2003-cü il).
9. Astara rayonu Sım kənd sakini Fərəcov Əbdülxalıq Şeyx Saleh oğlu, 1946-cı il doğumlu, müəllim (14.11.2003-cü il).
10. Astara rayonu Kijəbə qəsəbə sakini Əliyeva Şükufə Abid qızı, 1953-cü il doğumlu, təqaüdçü (24.12.2003-cü il).
11. Gülnarə Əsədli, “Nura qərq olmuş Astaram”, Bakı-2004, 139 səh.
12. Astara rayonu Xıçəso kənd sakini Məmmədov Əmin Bəhmən oğlu, 1918-ci il doğumlu, təqaüdçü (12.05.2003-cü il).
13. Astara rayonu Kijəbə qəsəbə sakini (keçmiş Sım kənd sakini) Abbasov Müzəffər Şeyx Əzizağa oğlu, 1933-cü il doğumlu, təqaüdçü (20.03.2003-cü il).
14. Astara rayonu Kijəbə qəsəbə sakini Məmmədova Xanımnisa Şeyx Molla Kamal qızı, 1917-ci il doğumlu, təqaüdçü (20.05.2001-ci il).
15. prof. M.Ə.Məmmədovun fikrincə “Zoləzo” Rüstəmi Zalın oğludur.
16. Astara rayonu Sım kənd sakini Abbasov İskəndər Şeyx Məmmədağa oğlu, 1938-ci il doğumlu, təqaüdçü (15.05.2003-cü il).
17. Müqəddəs Qurani Kərimin 36-cı surəsi.
18. İndiki Astara rayonu Xıçəso kəndi.
19. Astara rayonu Burzubənd kənd sakini Hidayətov Yədulla Musa oğlu, 1924-cü il doğumlu, təqaüdçü (23.04.2003-cü il).
20. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcuməsi, 30-cu buraxılış. Bakı “ADİLOĞLU” nəşriyyatı – 2002.74 səh.
21. fəl.e.n. Əlihəsən Həmzəyev, Astara rayon pedaqoji texnikumunun direktoru (23.05.2003-cü il).
22. Aqil Yaqub. “Şeyx Əbdülbağır” (poema) – Bakı: “Hərbi Nəşriyyat”, 1999-cu il, 2-ci səh.




Blog müəllifi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Məqalə-1

Məqalə-2

Məqalə-3

Məqalə-4

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Qan yaddaşi

.