Tanrının və tarixin sevdiyi şəxsiyyət

Heydər Əliyev Fondu

Heydər Əliyev Mərkəzi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Cenub mirvarisi

1905.az

Azərbaycan Respublikası məktəbliləri üçün elektron səhifə

Elektron müsabiqə

Sabahın alimləri

Saat

<$

Astara rayonu Sım kənd qəbir abidələri
(arxeoloji, etnoqrafik tədqiqat)



Azərbaycan tarixinin ilk tədqiqatçılarından olan A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd edir: “Əgər ölkənin qəbilələri, kəndlərin binaları və qədim hasarı geniş bir sürətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır”1. – Heç bir tarixçi bu fikirdəki danılmaz həqiqətin mövcudluğuna şübhə etmir, lakin bu günə kimi iki əsr vaxt keçib, bu dəyərli fikir yenə öz həllini tapmayıb.
Məlumdur ki, Azərbaycan ərazisində 20 artıq azsaylı xalq mövcuddur2. Onlar ölkəmizin əsas və çoxluq təşkil edən əhalisi – azərbaycan oğuzları ilə yanaşı çiyin-çiyinə yaşayır, sayından asılı olmayaraq bəs qədər öyrənilməmiş və öz tədqiqatçılarını gözləyir. Talış xalqının yığcam məskunlaşdığı ərazilərin qədim sivilizasiya məskənlərinə yaxınlığını, eramızdan əvvələ aid qəbir abidələrlə zənginliyini nəzərə alsaq və bunlar tarixi baxımdan öyrənilsə Azərbaycan tarixinə qiymətli tarixi faktlar vermiş olarıq.
Prof. Q.Cavadov “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” kitabında talışlar haqqında qeyd edir ki, Azərbaycanın iran dilli etnosları arasında mühüm yer tutan talışlar Hind-Avropa dili ailəsinin İran qrupunun Şimal-Şərq qoluna aid edilir. Özləri tərəfindən “tolış”, Azərbaycanlılar tərəfindən talış adlandırılan bu etnosAzərbaycanın abrogenlərindən sayılıb3. Doğru olaraq qeyd olunan bu fikrə onu da əlavə etmək lazımdır ki, düzən talışlarından fərqli olaraq dağ talışları ikinci bir ad – “Qolış” və ya “Galış” adını daşıyır. Bu ad onlara məşğuliyyət sahələrinə görə maldarlıqla (naxırçılıqla) əlaqədar verilmişdir. Talış torpağının münbitliyi, zəngin fauna və floranın olması burada yaşayan əhalinin oturaqlığına şərait yaratmışdır. 1999-cu ildə aparılan siyahıya alınmadada müəyyən olunmuşdur ki, Azərbaycanda yaşayan talışların ümumi sayı 768414 nəfərdir. Bu siyahıya alınma nəticələrinə görə respublikamızda məskunlaşan ümumi talışların 7,4 %5 - dən çoxu Astara rayon ərazisinin payına düşür. Onların da əksəriyyətini dağlı talışlar təşkil edir. Belə dağ kəndlərindən biri də Astara rayonunun qərbində yerləşən Sım kəndidir.
Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynov 60-cı illərdə Astra rayonunun Sım kənd ərazisində Uti adlı şəhər xarabalıqlarını müəyyənləşdirmişdir6. Ərazisində böyük qəbristanlıqlar və bu qəbristanlıqlar da eramızdan əvvələ aid müxtəlif maddi mədəniyyət abidələrinin mövcudluğu həqiqətən də bu ərazidə böyük şəhərin varlığından xəbər verir.
Sim yaşayış məskənində qədim dövrlərdə şəhərin mövcudluğu faktını bu ərazidə yaşayan xalqın ağaclara, daşlara olan çoxsaylı inancları sübut edir ki, bəzi tarixçilərin söylədiyi kimi burada əhalinin məskunlaşması I Xosrov Ənuşiravanın (531-579) dövrü ilə məhdudlaşmır. Ən azı bu fikri qəbiristanlıqdakı tunc dövrünə aid çoxlu qəbir və daş abidələr təsdiq edir.Bir neçə yüz nəfər əhalisi olan bugünkü sım yaşayış məntəqəsində, 10 çox və hektarlarla ərazisi olan qəbristanlıqlar mövcuddur.
Belə qəbristanlıqlardan biri kəndin indiki mərkəzində yoxarı məhəllə adlanan ərazisindədir. Burada klub, mağaza, məktəb yerləşməsinə baxmayayaraq, eyni zamanda çoxlu sayda pilləli və adi qəbrlər müşahidə olunur. Əksər qəbrlərin uzunluğu 2-2,5 metrdir. Ərazisi 2 hektardan çox olan bu qəbristanlıqda kı qəbrlərin sayını dəqiqiləşdirmək qeyri mümkündür. Səpələnmiş şəkildə olan qəbrlərin bəziləri kənd yolu salındığından. İzləri itib batmış, bəziləri isə tikili binaların altında qalıbdı. Kənd sakini Xalıqov Nəbinin7 verdiyi məlumata görə məktəbə gedən yolun səmtini üç dəfə dəyişdiriblər ki, tarixin yadiğarı olan tunc dövrünə aid maddi-mədəniyyət qalıqları, qəbrlər ayaq altda qalmasın. Lakin yenə də mümkün olmayıb. Kəndə klub tikilərkən isə binövrəsinin altında 10-a qədər qəbir abidəsi qalmışdır. Bu günümüzdə də sım kəndi yolu boyu hərəkət edərkən çoxlu sayda qəbrləri tapdalamalı olursan. Bu qəbristanlığın bəzi qəbrləri isə həyətyanı torpaq sahələrində indiyə qədər qalmaqdadır.
Digər bir qəbristanlıq isə “Ambəjün-hi” (“anbaranlıların əkin sahəsi”) adlanan ərazidədir. Qəbristanlıq kəndin şərqində 3 hektara qədər bir ərazini əhatə edir və müxtəlif tipli qəbrüstü abidələrlə zəngindir.
Tarixi baxımdan maraq doğuran Sım kənd ərazisində yerləşən qəbristanlıqlardan biri də “Səqlüstün” adlanır. Deyilənlərə görə “Səqlüstün” bir zamanlar bu ərazidə hökümranlıq etmiş şah qızının adı ilə bağlıdır.
Rəvayətə görə8 lap qədim zamanlarda bu ərazidə ətraf məmləkətlərin hökümdarlarından özünün ədaləti ilə seçilən bir paşah var imiş. Bu şahın dövründə əhali o qədər firəvan yaşayırdı ki, açlıq nə olduğunu bilmirdilər. Bir gün onunla qonşu olan yeddi hökümdar naz-neməti bol olan bu məmləkəti ələ keçirtmək üçün birləşib qəfildən hücum etdilər. Lakin bu ölkəni ələ keçirə bilməyib, böyük itkilər verərək kor peşman geriyə qayıtdılar. Özlərinin məğlub olma səbəblərini bu firəvan məmləkətin ordusuna sərkərdəlik edən 18 yaşlı ağıllı, gözəl və fərasətli şah qızı Gülüstanda gördülər. Düşmənlər yığışıb öz aralarında belə bir qərara gəldilər ki, öz qisasını onların ordusunu darmadağın etmiş sərkərdə şah qızından alsınlar. Yaşca daha gənc hökümdarlardan biri bu işi öz öhdəsinə götürdü. Elə bu səbəbdən cavan padşah ədalətli şahla “dostluq əlaqəsi” qurmaq üçün yazdığı məktubla qasidini tezliklə onun sarayına göndərir. Qısa bir zamanda onlar arasında barışıq əldə olunur. Bu minvalla bir müddət keçir. Nəhayət bir gün özünün çirkin məqsədini həyata keçirtmək üçün şah qızı Gülüstanı atasından istəyir. Qocalmış yaşı ötmüş hökümdar özünə daha bir övlad qazandığını düşünüb sarayına göndərilən elçiləri geriyə şad xəbərlə yola salır. Yaxın günlərin birində toy təyin olunur. Toy ilə əlaqədar hər iki padşahlıqda 40 gün şənlik edilir. Gəlin cavan padşahın sarayına köçürülür. Lakin toy gününün sabahı Gülüstan ər evindən atasının məmləkətinə qovulur. El içində rusvay edilmiş günahsız şah qızı bir müddət heç kimlə danışıb gülmür. Bir sözlə hamıdan gizlənir. Ədalətli hökümdar düşmənin nəyə görə dostluq edib qızını istəməsini başa düşsə də artıq iş-işdən keçmişdi. Bu hadisədən bir neçə gün sonra saraya səs yayılır ki, Gülüstan yoxa çıxıb. Haraya getdiyini heç kim bilmir. Aradan yeddi gün keçir, səkkizinci gün geriyə dönən Glülüstan özüylə xurcunda gətirdiyi yeddi kəsilmiş adam başını atasının ayaqları altına atır. Hamıya indi aydın olur ki, Gülüstan bu yeddi gündə haraya yox olubmuş. Gətirdiyi insan başları bir zamanlar bu məmləkətə hücum etmiş yeddi bədniyyət düşmən hökümdara məxsus idi. Gülüstanı el içində rusvay etmiş cavan padşahın da qanlı başı onların arasında idi.
Səhəri gün Gülüstan yenə saraydan yoxa çıxıb xəbəri bütün məmləkətə yayılır. Bütün el bu məmləkəti bidəfəlik düşmənlərdən xilas etmiş qəhrəman şah qızının axtarışına çıxır.
Öz qisasını aldıqdan sonra yaşamağı özünə rəva görməyən Gülüstan çoxdan idi öz əlləri ilə özünü həlak edib dünyasını dəyişmişdi.
Şah qızının cəsədi tapıldığı yerdəcə dəfn olunmuşdu. El qəhrəmanı burada çox da tənha qalmamış, tezliklə ətrafında çoxlu yeni vəfat edənlərin qəbrləri qazılmışdır. Qəbristanlıq isə indiyə kimi “Səqlüstün”, “Sərgülüstan”, və yaxud “Gülüstanın qəbristanlığı” adını daşıyır.
Ərazisi bir neçə hektar olan bu qəbristanlıqda uyuyan qəbrlərin bir qismi islamiyyətdən əvvələ, digər bir qismi isə sonrakı dövrə aiddir. Çünki, üzü qibləyə qoyulan qəbrlərlə yanaşı, müxtəlif istiqamətlərə quyulan mamır basmış, az qala az qala təbii şəkildə itib batmaqda olan çoxlu sayda qəbrlər də müşahidə olunur. Qəbir daşları üzərində olan, indiyədək öyrənilməyən müxtəlif naxışlar və bu günümüzədək sirri açılmayan yazı işarələri tarixi baxımdan özünə maraq doğurur.
Ən maraqlısı budur ki, “Səqlüstün” orta adam hündürlüyündə olan baş daşında günəş təsviri şəklini xatırladan qadın sifətinə oxşar oyma vardır. Yerli əhalinin ziyarət etdiyi daş da qəbristanlıqdakı həmən bu baş daşıdır. Həmin daş bu günümüzdə də ortadan iki hissəyə naməlum səbəblərdən bölünüb qalmaqdadır. El arasında mövcud olan rəvayətə görə hər hansı bir arvadın uşağı olmursa qurban boyun olub “Səqlüstünü” ziyarət etsə, Allah ona övlad bəxş edər. Ətrafda uşağı olmayan qadınlar indi də “Səqlüstünə”9 üz tuturlar.
Səqlüstün qəbristanlığın girəcəyində girəcəyində, dərə çayının şimal tərəfində “Şəhidan” (“Şəhidlər”) deyilən yerdə qədim bir məbəd binövrəsinin qalığı mövcuddur. Müzəffər Abbasovun10 dediyinə görə islamdan əvvəl ölənləri həmin məbədə qoyub, sonradan dəfn edərmişlər. “Şəhidan” da bu gün iyirmidən çox qəbir yeri mövcuddur. Lakin bu ərazi nə üçün “Şəhidan” adlanır məlum deyil.
Sim ərazisində mövcud olan qəbristanlıqlardan biri də “Əyyəpeştə” qəbristanlığıdır. Bu qəbristanlıq Sım-Şindan yolunun üstündə yerləşir. Şindan qalasının aşağısında İran İslam Respublikasının sərhəd xəttinin bir neçə yüz metrliyindədir. Sabir Fətullayevin11 dediyinə görə çox da böyük olmayan bu qəbristanlıqda düşmən hücümundan qalaya sığınarkən həlak olanların və yaylaq dövründə bu ərazidə vəfat edənlərin qəbrləridir. Sımın şimalında yerləşən ərazisi 2 hektara yaxın olan “Şeyx Abdulla” qəbristanlığı da müqəddəs ziyarətgahlardan biridir. Bu qəbristanlığın da yaşının qədimliyini torpaqda təbii şəkildə izi itməkdə olan çoxsaylı qəbirlər təsdiq edir. “Şeyx Abdulla” ziyarətgahı da özünəməxsus kəramətə malikdir. Sım kəndinin sakini Cəfərov Bağının12 bu qəbristanlıq haqqında dedikləri:
Keçmişdə yay aylarında həddən artıq quraqlıq dövründə, yağışın yağmasına ehtiyac duyulanda, yerli və ətraf kəndlərin əhalisi “Şeyx Abdulla” türbəsindən imdad diliyərək , qurban kəsməklə istəklərinə yetmişlər.Quraqlıq dövründə ağsaqqallar məsləhətləşib qurbanlıq heyvanı “Şeyx Abdullah” ziyarətgahına aparır, dəstnamaz alıb heyvanı kəsmişlər, sonra elə oradaca qurbanlıq əti kəsilmiş heyvanın dərisi üstündə ehtiyacı olanlara və yoxsullara paylamışlar. Ondan sonra tezliklə “Allah-təala” burada uyuyan şeyxin məhəbbətinə qurban kəsənlərin istəyini yerinə yetirərmiş. Bu cür mərasimlər Sım ərazisində lazım olan vaxt təkrar olunur13. Hal-hazırda da Sım və ətraf kəndlərin əhalisi quraqlıq dövründə niyyət edib, dəstnamaz alıb “Şeyx abbdulla”nın ziyarətgahından “təbərik” (bir ovuc torpaq) götürüb axar suya atar və ya sadəcə suda isladarlar. Ondan sonra tezliklə niyyətləri yerinə yetir və yağış yağır.
Sım ərazisində yerləşən, təkcə Astara və onun ətraf rayonlarında deyil, İran İslam Respublikasında da tanınan, ağır ocaq kimi ziyarət edilən türbələrdən biri də “Pir-Bılınd” (“Uca-Pir”, “Ucada duran Pir”) türbəsidir. Türbə Sım-Şindan istiqamətində Uti xarabalığın qərbində yerləşir. Türbənin digər ziyarətgahlardan yaşının çoxluğunu qəbristanlığa qədəm qoyan hər kəs hiss edir. Çünki, ziyarətgahın bir çox qəbrləri artıq təbii şəkildə torpaqda itmiş və ya itməkdədir. Əksər qəbrlərin daş abidələrini mamır basmış, görünməz etmişdir. Türbənin və onun ətrafında mövcud olan yaşayışın qədimliyini ən azı Tunc dövrünə aid olduğunu 5-6 min ildən artıq yaşı olan ziyarətgah adının əvvəlində işlədilən “Pir”14 (“Pi”) sözü də təsdiqləyir. Qəbirüstü abidələr həm pilləli, həm də adi qaydadadır. “Pir-Bılınd”ın mərkəzində təpədə yaşı bəlli olmayan palıd və diğər ağacların kökləri altında qədim bir xarabalığın yeri müşahidə olunur. Təpənin quruluşu sanki kurqanı xatırladır. Kurqanın ətəyində yan-yana üç qəbir vardır.
Həmin qəbirlərin üzərindəki nəhəng daş özüdə üç pilləlidir. Qəbristanlığa gələnlərin də ən çox ziyuarət etdiyi, üstünü mamırlar basmış bu üç qəbir üstü daşdır. Ölçüləri müxtəlif olan həmən abidələr şəkildən göründüyü kimi niyyət daşı hesab olunur. Ziyarətçilər niyyət tutub qəbir daşının üzərində kiçik bir daş parçası qoyurlar və inanırlar ki, niyyətləri hasil olacaq. Dini inanclara görə şəfa tapmaq üçün ziyarətçilər özünün və ya xəstələnən adamın paltarının tikəsindən qəbrin yanındakı kolun budağına bağlayırlar.
Bu ziyarətgahı digərlərindən fərqləndirən özünəməxsus xüsusiyyətlərindən biri də budur ki bu üç qəbrin hansının əsas ziyarətgah olması bilinir.
Hələ XIX əsrin ortalarında həmin qbrlərin üzərində Şeyx Abbasın övladları tərəfindən bir neçə dəfə ayrı-ayrı vaxtlarda “kolo” (“məqbərə”) tikilsə də bu tikililəri səhəri gün qəbrin 100-150 metrliyindəki dərədə axan çayda görmüşlər. Ona görə də indiyə kimi ziyarətgahda məqbərə tikilməmişdir15 “Pir-Bılınd” ziyarətgahının ətraf qəbristanlıqlardan fərqləndirən digər xüsusiyyətlərindən biri də onun haqqında xalq arasında yayılmış olan rəvayət və inancların sayca çoxluğudur. Bu da onun yaşının daha çoxiuğundan irəli gəlir.
Mövcud olan inanclara görə “Pir-Bılınd” ziyarətgahında “peştodəsığ” (“bel söykənən daş”) adlanan daşın kəraməti ondadır ki, hər kəsin beli ağrayırsa, bu daşın yanına gedər , üç dəfə belini həmin daşa söykiyər, özü ilə gətirdiyibir sancağı daşın üstünə qoyar və beləliklə ağrılardan azad olub və şəfa tapar16. İndi də yaxın və uzaq kəndlərin əhalisi bu daşın şəfa verici qüvvəsindən istifadə edirlər.
Haqqında danışılan bel söykənilən daş rayonumuzun başqa ziyarətgahlarında da mövcuddur.
Qəbirstanlığın girəcəyindəki niyyət daşı da “Pir-Bılınd” ziyarətgahındakı inanclardan biridir.Təzə evlənənlər və ya uşağı olmayanlar niyyət daşının yanına gedər, niyyət tutar ki, uşağı olar və ya olmaz . Sonra daşın dibindəki uyuğdan bir ovuc torpaq götürər, əgər ovucundaki torpaqda hər hansı bir həşərat və ya canlı olarsa, deməli niyyəti baş tutar17.
Digər bir inanca görə isə niyyət daşının yanına gələn şəxs çubuqlardan nənni və ya beşik düzəldə , onu niyyət daşının yanındakı uyuğdan asar.Sabahısı gün gəlib nənniyə baxar.Əgər onun içində hər hansı bir budaq tikəsi, ağac qırıntısı, yarpaq və sair cism olarsa, deməli, həmən adamın övladı olacaq . Belə olduqda həmin şəxs nənninin içindəki cismi götürüb uşağı olanda əvvəl onun beşiyindən, sunradan isə (ayaq tutub yeriyəndə) boynundan asar ki, övladı gələcəkdə bütün şər bəlalardan hifs olunsun18.
Sım və unun ətraf ərazilərinin tarixini qiymətləndirmək üçün əlimizdə bu türbə ilə bağlı daha bir inanc haqqında məlumat vardır. “Pir-Bılınd” ziyarətgahının şərq tərəfində “Krana do” deyilən aşağı tərəfdən oyuğu olan qoz ağacından göyöskürək xəstəliyinə tutulmuş uşaqların müalicəsində istifadə olunur. Bu haqda Abdulla Əhmədovun dedikləri:
“Mən uşaqlıqda kiçik dayım Şeyx Mirhəsənlə çox vaxtı bir yerdə olardım. O, getdiyi yerlərə məni də aparırdı. Bir gün meşəyə gedirdik, mən göyöskürəyə tutulmuşdum .Yolda ösksürməyə başladım , az qala nəfəsim kəsilirdi. Dayım məni tez türbəyə apardı. Orada məni bir qoz ağacın gövdəsindəki yerin üsdündə olan yarıqdan üç dəfə o fərəfç, bu tərəfə keçirtdi. O ogündən öskürəyi sağalmağa başladı. Dayımın göstərişi ilə nəzir olaraq üç ədəd çiy yomurta aparıb “Krana do” nun yarğında qoydum”.
Sımda olan “Kanə - hi” (“köhnə əkin yeri”) ziyarətgahı buraya orta əsrlər də gəlmiş şeyxlərin adı ilə bağlıdır. Qəbristanlıqda təxminən 600-dən çox qəbir müşayidə olunur. Ziyarətgahı əsas biri Şeyx Abbasın iki oğlu-şeyx Saleh və Şeyx Molla Fərəcdir.
Dövrünün böyük şəxsiyyətlərindən biri olan Ərdəbil şeyxi Şeyx Səfiəddinin nəslindən olan Sim şeyxləri islam dininin yayılması ilə əlaqədər Sıma təşrif buyurmuşlar.
Ümumiyyətlə, dövrünün nüfuzlu şəxsiyyətlərindən olan şeyxlər nəslinin nümayəndələri hal-hazırda da Astara rayonunun müxtəlif yaşayış məntəqələrində, o cümlədən, Sım, Səlivə, Miki kəndlərində və Kijəbə qəsəbəsində yaşayırlar.

İstifadə olunan ədəbiyyat və qeydlər:
1. Məsudi Dövrani, Samir Kərimov “Azərbaycan haqqında düşüncələrimiz” kitabı, Bakı – 2002, II məqalə, səh.16.
2. Q.Cavadov “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” Bakı – 2000, səh.15.
3. Yenə orada, səh.106.
4. “Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıya alınması” materiallarında, IV cild, səh. 32.
5. Yenə orada, səh. 40.
6. Məsudi Dövrani, Samir Kərimov “Azərbaycan haqqında düşüncələrimiz” kitabı, Bakı – 2002, III məqalə, səh. 33.
7. Xalıqov Nəbi böyükağa oğlu, 1955-ci il doğumlu baş müəllim, tarixçi (6 avqust 2001-ci il).
8. Sım kəndinin keçmiş sakini 1910-cu il doğumlu, el ağsaqqalı Şeyx Molla Miorhəsən Şeyx Molla Abbas oğlu (2001-ci il 2 avqust).
9. sım kəndinin keçmiş sakini Abbasov Müzəffər Şeyx Əzizağa oğlu, 1933-cü il doğumlu, təqaüdçü (2003-cü il 20 mart).
10. Yenə ondan, (2003-cü il 20 mart).
11. Kijəbə qəsəbə sakini Fətullayev Sabir Şeyx Molla Mirhəsən oğlu, 1950-ci il doğumlu, filoloq, (2003-cü il 20 yanvar).
12. Cəfərov Bağı, 1932-ci il doğumlu, təqaüdçü, Sım kənd sakini (1 mart 2003-cü il).
13. Məmmədov Zahidəddin, 1954-cü il doğumlu, coğrafiyaçi,sım kənd sakini, (6 avqust 2001-ci il).
14. Məsudi Dövrani, Samir Kərimov “Azərbaycan haqqında düşüncələrimiz” kitabı, Bakı – 2002, III məqalə, səh. 33.
15. Astara rayon Mədəniyyət şöbəsinin müdirinin müavini, YUNESKO-nun Beynəlxalq muzeylər şöbəsinin həqiqi üzvü Şəfiyev Əfqan (28 mart 2003-cü il).
16. Abbasov Əcəbnaz Şeyx Məmməd qızı, Sım kəndinin keçmiş sakini, 1936-cı il doğumlu doğumlu, təqaüdçü, (1995-ci il).
17. Fətullayeva Leğa Şeyx Osman qızı, Sim kəndinin keçmiş sakini, 1905-ci il doğumlu, el ağbirçəyi, (1995-ci il).
18. Yenə ondan, (1995-ci il).
19. Əhmədov Abdulla Şeyx Abdulla oğlu, Sım kəndinin keçmiş sakini, təqaüdçü, 1929-cu il doğumlu, (30 yanvar 2003-cü il).



Blog müəllifi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Məqalə-1

Məqalə-2

Məqalə-3

Məqalə-4

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Qan yaddaşi

.